«Mən bunu edirəm» deyərək qəbul etmək niyə hər şeyi dəyişir

«Mən bunu edirəm» demək niyə hər şeyi dəyişir? (Şüurun gücü) Həyatımızda bəzi vərdişlər, reaksiyalar və ya qorxular var ki, illərlə onlardan qurtulmağa çalışırıq. Onlarla mübarizə aparırıq, özümüzə qadağalar qoyuruq, amma bir müddət sonra yenə eyni nöqtəyə qayıdırıq. Niyə belə olur? Cavab çox sadə, eyni zamanda çox dərindədir: Çünki biz mübarizə apardığımız şeyi hələ tam olaraq "görməmişik" və qəbul etməmişik. Qaranlıqda qalan avtomatizm Həyatımızda təkrarladığımız bir çox mənfi davranışlar şüuraltının qaranlıq künclərində, avtomatik rejimdə işləyir. Avtomatik rejimdə olan hər şeyin qidası qaranlıqdır — yəni şüursuzluqdur. Biz reaksiyalarımızı fərq etmədiyimiz müddətdə, onlar bizi idarə edir. Lakin həmin anı yaxalayıb dürüstcө özümüzə etiraf edəndə: "Bəli, mən bunu edirəm", hər şey dəyişməyə başlayır. Burada hansı mexanizm işləyir? Şüur projektoru və Müşahidəçi effekti: Özümüzdəki hər hansı bir halı mühakimə etmədən, sadəcə qəbul edərək ona baxdığımız an, şüur projektorunu həmin qaranlıq küncə yönəltmiş oluruq. İşıq düşən kimi avtomatizm pozulur. Çünki gizli işləyən mexanizm artıq işıq qarşısında dayana bilmir. Müqavimətin bitməsi: Adətən özümüzdə bəyənmədiyimiz bir xüsusiyyəti görəndə dərhal qəzəblənirik: "Mən niyə belə edirəm? Bunu etməməliyəm!" Nə qədər ki müqavimət göstərirsiniz, o davranışı daha da gücləndirirsiniz. Çünki mübarizə aparmaq üçün ona enerji verirsiniz. "Mən bunu edirəm" deyib tam təslim olduğunuz an, müqavimət sıfıra enir. Yanacağı kəsimiş od kimi, davranış təbii şəkildə sönür. Aktyordan tamaşaçıya keçid: Həmin vərdişin içində olanda biz aktyoruq — rolumuzu yaşayırıq. Amma "Mən bunu edirəm" dediyiniz saniyə, siz dərhal o halın içindən çıxıb müşahidəçi mövqeyinə keçirsiniz. İnsan özünü kənardan görə bildiyi an, həmin hərəkət artıq onun şəxsiyyəti olmaqdan çıxır. Sadəcə izlənilən bir obyektə çevrilir və şüur artıq ona ehtiyac duymadığı üçün buraxır. Transformasiyanın tək qapısı: Qəbul etmək Spiritual və psixoloji qanun çox dəqiq deyir: Nəyi rədd edirsənsə, o qalır; nəyi qəbul edirsənsə, o dəyişir. Qəbul etmək məğlub olmaq deyil. Qəbul etmək — "Bəli, bu an gerçəkliyim budur" deyərək reallığı qucaqlamaqdır. Reallıq qucaqlanan an, onun sizi idarə etməsinə ehtiyac qalmır, çünki siz artıq öz həyatınızın liderisiniz. Öz həqiqətinizlə üzləşdiyiniz, hər bir halınızı sevgi və şüurla qucaqladığınız azad və aydınlıq dolu günlər diləyi ilə!

Məqaləni Paylaş